Bakı. 17 aprel. REPORT.AZ/ Birləşmiş Ştatlar Koreya Xalq Demokratik Respublikasında hakimiyyət dəyişikliyinə nail olmaq və ya münaqişə axtarmaq niyyətində deyil.
"Report" xəbər verir ki, bunu jurnalistlər üçün brifinqdə ABŞ dövlət katibinin Şərqi Asiya və Sakit okean işləri üzrə köməkçisinin vəzifələrinin icraçısı Süzan Tornton deyib.
"ABŞ açıq-aydın işarə etdi ki, biz bu problemi Koreya yarımadasının dinc yolla nüvəsizləşdirilməsi vasitəsi ilə həll etmək istəyirik, biz konkret olaraq münaqişə və ya rejimin dəyişdirilməsini hədəf almamışıq", - deyə diplomat bildirib.
Onun sözlərinə görə, ABŞ və onun müttəfiqləri KXDR-nin apardığı siyasətlə bağlı cavab tədbirləri üzərində işləri davam etdirir.