Bakı. 13 oktyabr. REPORT.AZ/ Dəməşqdəki Rusiya səfirliyi minaatanlardan açılan atəşə məruz qalıb.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Suriyadakı səfirliyinin əməkdaşı bildirib.
"Rusiyanın Dəməşqdəki səfirliyi ərazisinə İki mina mərmisi düşüb. Diplomatik missiya nümayəndələrindən xəsarət alan yoxdur", - o bildirib.
Bundan əlavə, hadisə şahidlərindən birinin "RİA Novosti"yə dediyinə görə, bir neçə mərmi Rusiyanın Suriyadakı əməliyyatlarda iştirakına dəstək verən mitinqin keçirildiyi yerin yaxınlığında partlayıb.
"Mina mərmiləri Suriyadakı hərbi əməliyyatlarda Rusiyanın iştirakına dəstək verən dinc mitinqin keçirildiyi yerin yaxınlığında partlayıb. Minalardan biri əl-Barada idman klubu, digəri isə əl-Adavi yaxınlığına düşüb", - hadisə şahidi deyib. İnsident nəticəsində yaralıların olduğu bildirilir. Minaların düşdüyü ərazi güc strukturları tərəfindən nəzarətə alınıb.