Bakı. 9 fevral. REPORT.AZ/ Çinə səfər edən bütün xarici ölkələrin vətəndaşlarının barmaq izləri götürüləcək.
“Report” BBC-yə istinadən xəbər verir ki, bunu Çinin İctimai Təhlükəsizlik Nazirliyi bildirib.
İnformasiyaya əsasən, yeni sistem ilk növbədə ölkənin cənubundakı Quandun əyalətinin Şençjen şəhərindəki beynəlxalq hava limanında tətbiq olunacaq. Fevralın 10-da başlayacaq proses yeni sistemi sınaqdan keçirmək məqsədi daşıyır.
Xəbərə görə, bu sistem ilin sonunadək Çinin bütün sərhəd-keçid məntəqələrində tətbiq ediləcək. Məlumatda bildirilib ki, diplomatlar istisna olmaqla ölkəyə səfər edən 14-70 yaş arasındakı bütün əcnəbilər barmaq izi verəcək.
Çinin hakimiyyət nümayəndələri bildirib ki, bu sistemi xarici dövlətlərin təcrübəsinə əsasən tətbiq ediblər.