Çexiya Prezidenti Petr Pavel siyasətçilərin KİV-ə sahib olmasını qadağan edən “Maraqların toqquşması” haqqında qanuna düzəlişləri imzalayıb.
“Report” xəbər verir ki, bu barədə “denikn.cz” portalı məlumat yayıb.
Bundan başqa siyasətçilərin mediaya sahib olmasına qoyulan qadağa gələn il daha sərtləşəcək. Siyasətçilər medianı yaxın adamına və ya etimad fonduna verə bilməyəcəklər və bu istiqamətdə cərimələr də artırılacaq.
İyun ayında Çexiya parlamentinin Deputatlar Palatası (aşağı palatası) siyasətçilərin mediaya sahib olmasını qadağan edən maraqların toqquşması haqqında qanuna düzəlişləri təsdiqləyib. Bildirilib ki, qanuna edilən dəyişikliklər əsasən Çexiyanın ən böyük siyasi hərəkatı ANO-nun lideri, keçmiş baş nazir və dollar milyarderi Andrey Babişə təsir edəcək. O, ölkənin bir sıra mərkəzi qəzetlərinin və internet nəşrlərinin sahibidir.