Cənubi Koreya qlobal münaqişələr səbəbindən böyük silah ixracatçısına çevrilə bilər

Cənubi Koreya qlobal münaqişələr səbəbindən böyük silah ixracatçısına çevrilə bilər İsrail və Ukraynada davam edən münaqişələr fonunda Cənubi Koreya dünyanın ən böyük silah ixracatçıları arasında yer ala bilər.
Digər ölkələr
18 Oktyabr , 2023 20:57
Cənubi Koreya qlobal münaqişələr səbəbindən böyük silah ixracatçısına çevrilə bilər

İsrail və Ukraynada davam edən münaqişələr fonunda Cənubi Koreya dünyanın ən böyük silah ixracatçıları arasında yer ala bilər.

“Report” xəbər verir ki, bu barədə “South China Morning Post” qəzeti ekspertlərə və mənbələrinə istinadən yazıb.

“İsrail və Fələstin arasında yeni münaqişə, eləcə də Rusiya ilə Ukrayna arasında davam edən münaqişə bir çox ölkələrdə təhlükəsizliklə bağlı narahatlıq yaradır və bu, Cənubi Koreyanın müdafiə sənayesinə fayda verə bilər”, - nəşr Cənubi Koreyanın “Asan” Siyasi Araşdırmalar İnstitutunun baş elmi işçisi Yan Vukdan sitat gətirib.

Onun sözlərinə görə, KXDR tərəfdən davamlı təhlükə olduğundan Koreya Respublikası ən müasir silahların hazırlanması üzrə səyləri gücləndirməyə məcbur olub və bu, onun dünya bazarlarında rəqabət qabiliyyətinin artmasına gətirib çıxarıb. “Bundan əlavə, ölkənin təxminən 500 min nəfərlik daimi ordusu var ki, bu da istehsalçılara məhsullarını bazara çıxarmaq üçün nəinki əhəmiyyətli imkanlar yaradıb, həm də yeni silah növlərinin sınaqdan keçirilməsi üçün imkanlar yaradıb”, - ekspert əlavə edib.

Nəşr qeyd edir ki, Koreya hökuməti tərəfindən bu ay Sonnam aviabazasında keçirilən ADEX müdafiə sənayesi sərgisi də Cənubi Koreya silahlarına tələbatı stimullaşdırıb. Analitiklərin fikrincə, ölkə hazırkı münaqişələrdən istifadə edərək dünyada silah təchizatı baxımından dördüncü yerə yüksəlmək, yerli istehsal silahlarının satışını artırmaq kimi qlobal məqsədə nail ola bilər.

Qəzet onu da vurğulayır ki, sərginin açılış mərasimində Koreya Prezident Yun Sok Yol bir vaxtlar yardım və idxaldan asılı olan Cənubi Koreyanın müdafiə sənayesinin tarixində “yeni səhifə” açdığını və müdafiə sahəsində digər ölkələrlə əməkdaşlığın indi sadəcə silah ixracından ibarət olmadığını bildirib. Koreya dövlət başçısı onu da əlavə edib ki, bundan sonra ölkəsi avadanlıq və ehtiyat hissələri tədarük edəcək, eləcə də tədqiqat və təlim proqramları həyata keçirəcək. “Biz dost ölkələrlə birlikdə müdafiə sənayesinin inkişafı sahəsində təcrübəmizi bölüşərək, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq sistemi yaratmağı planlaşdırırıq”, - o söyləyib.

Son xəbərlər

Orphus sistemi