Cənubi Koreya Prezidenti Yun Sok Yeol KXDR hakimiyyətinin növbəti nüvə sınağına ehtimal olunan hazırlığı başa çatdırması barədə mülaihizə ilə çıxış edib.
“Report” xəbər verir ki, onun çərşənbə axşamı parlamentdəki çıxışını YTN telekanalı yayımlayıb.
“Şimali Koreya təkcə nüvə silahının profilaktik istifadəsinin mümkünlüyünü açıq şəkildə bəyan etməyib, həm də onun yeddinci nüvə sınağına hazırlığı artıq başa çatdırdığı güman edilir”, - Cənubi Koreya lideri Milli Assambleyada çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Şimali Koreya təhlükəli təxribatlara, o cümlədən misli görünməmiş tezlikdə ballistik raket buraxılışlarına davam edir. "Bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozur və beynəlxalq ictimaiyyətə meydan oxuyur", - Prezident əlavə edib.
Yon Sok Yeol qeyd edib ki, həmvətənlərinin təhlükəsizliyini təmin etmək üçün o, ABŞ ilə ikitərəfli ittifaqı, Birləşmiş Ştatlar və Yaponiya ilə üçtərəfli təhlükəsizlik əməkdaşlığını, həmçinin KXDR-in qarşısının alınması vasitələrini gücləndirmək niyyətindədir.
Eyni zamanda o, rəsmi Pxenyanla danışıqlardan imtina etməyib. "Şimali Koreya nüvəsizləşdirmənin lehinə qərar verərsə, danışıqlar masasına oturarsa, o zaman biz "cəsarətli plana" uyğun olaraq siyasi və iqtisadi yardım göstərəcəyik", - o əlavə edib.