Bakı. 29 avqust. REPORT.AZ/ Cənubi Koreya hərbçiləri KXDR-in çərşənbə axşamı səhər Yaponiyanın şimal-şərqi üzərindən uçan yeni raket buraxılışı həyata keçirdiyini təsdiqləyiblər.
"Report" xəbər verir ki, bu barədə Cənubi Koreyanın "Renxap" agentliyi məlumat yayıb.
"Şimali Koreya bu gün səhər saat 05.57 radələrində (Bakı vaxtı ilə 00.57) Pxenyan yaxınlığında yerləşən Sunan şəhəri ərazisindən Yapon dənizi istiqamətində raket buraxılışı həyata keçirib", - deyə agentlik Birləşmiş Qərargah Rəisləri Komitəsinin bəyanatını sitat gətirib.
Hərbçilər həmçinin Yaponiyanın NHK kanalının raketin Yaponiyanın şimal-şərqindən keçməsinə dair yaydığı məlumatı təsdiq ediblər.
Ballistik raket Sakit okeana düşüb. Yerli KİV-in yazdığına görə, mərmi Hokkaydo adasından 1180 kilometr aralıda üç yerə parçalanıb.