Dubayda dünyanın ən hündür göydələni olan Bürc Xəlifənin üzərinə Yeni Zelandiya baş naziri Casinda Ardernin şəkli yerləşdirilib.
“Report” xəbər verir ki, BƏƏ Kraystçyorç şəhərindəki iki məsciddə törədilən terror aktlarından sonra müsəlmanlara göstərdiyi dəstəyə görə Yeni Zelandiyaya bu şəkildə minnətdarlıq edib.
"Baş nazir Casinda Ardernə və Yeni Zelandiyaya bütün dünya müsəlmanlarını sarsıdan terror aktından sonra 1,5 milyard müsəlmanın hörmətini qazanan səmimi mərhəmət və dəstəyə görə təşəkkür edirəm", - deyə BƏƏ-nin baş naziri və Dubay əmiri Məhəmməd ibn Rəşid əl Məktum "Twitter"də yazıb.
Martın 15-də Yeni Zelandiyadakı iki məsciddə törədilən terror aktları zamanı 50 nəfər öldürülüb, daha 50-si müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.