Son sutkada Böyük Britaniyada koronavirusdan daha 186 nəfər ölüb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə krallığın Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 43 414 nəfərə çatıb.
Qeyd edilir ki, son sutkada COVID-19-a daha 1 006 yoluxma aşkarlanıb. Beləliklə, Böyük Britaniyada COVID-19 xəstələrinin sayı 309 360 nəfərə yüksəlib.
Ötən gün Britaniyada koronavirusdan 149 nəfər ölüb, virusa 1 118 yoluxma aşkarlanıb.
Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.