Bakı. 11 iyul. REPORT.AZ/ Böyük Britaniyanın xarici işlər naziri Boris Conson ölkənin Avropa İttifaqından (Aİ) çıxış proseduruna görə Brüsselin Londona təqdim edə biləcəyi hesabları "soyğunçuluq" adlandırıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə B.Conson parlamentdə sualları cavablandırarkən bildirib.
O, bu məsələyə toxunan zaman dəqiq məbləği söyləməsə də, vəziyyəti təsvir edib: "Hesab edirəm ki, gördüyüm məbləğ mənə soyğunçuluq kimi görünür". Mətbuat isə söhbətin on milyardlarla avrodan getdiyini yazıb.
Qeyd edək ki, Aİ-dən çıxmaqla bağlı qərarı britaniyalılar 2016-cı il iyunun 23-də keçirilən referendumda qəbul edib. Bu il martın 29-da Böyük Britaniya Aİ-dən çıxış prosedurunu rəsmən başladıb və bu barədə Avropa Şurasının rəhbəri Donald Tuska müvafiq bildirişin olduğu məktub göndərib. Aİ-dən çıxışla bağlı Lissabon sazişinin 50-ci maddəsinə əsasən, Böyük Britaniya Aİ-ni "Brexit"in başlamasından iki il sonra - 2019-cu il martın 29-da tərk edəcək.