Yuxarı

Böyük Britaniya və Argentina Folklend adalarında əməkdaşlıq edəcək

Adalar 1833-cü ildən Britaniyanın nəzarəti altındadır

Bakı. 14 sentyabr. REPORT.AZ/ Böyük Britaniya və Argentina Folklend (Malvin) adalarına tətbiq etdikləri məhdudiyyətlərin aradan qaldırılması haqqında razılıq əldə ediblər.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Britaniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Xəbərə əsasən, tərəflər adanın neft-qaz sənayesi, gəmiçilik və balıqçılıq sahələrində əməkdaşlıq edəcəklər.

"Böyük Britaniya və Argentina hökumətləri qarşılıqlı maraqları təmin etmək, o cümlədən ticarət və təhlükəsizlik məsələlərində əməkdaşlığı artıraraq münasibətləri yaxşılaşdırmaq haqda razılığa gəliblər", - deyə XİN-in məlumatında vurğulanıb.

Qeyd edək ki, Folklend (Malvin) adaları 1833-cü ildən Böyük Britaniyanın nəzarəti altındadır. Adalar Argentina ilə Böyük Britaniya arasında Atlantik okeanının cənub-qərb hissəsində yerləşən mübahisəli ərazidir. Həmin quru ərazi iki böyük, 200-ə yaxın kiçik adalardan ibarətdir. Onun sahəsi 12,1 min kv.km-dir. Rəsmi dil - ingilis dilidir. Hakim din - protestant, inzibati mərkəzi - Port-Stenli şəhəri sayılır. Adaların əhalisi əsasən ingilis və şotlandardan ibarətdir. Folklend adaları səbəbindən 1982-ci ildə Böyük Britaniya və Argentina arasında 72 gün davam edən müharibədə 649 argentinalı, 255 britaniyalı hərbçi həlak olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi