“Son günlər Rusiya qüvvələri Baxmut uğrunda döyüşlərdə üstünlüyü ələ alıb”.
“Report” xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən bildirib.
Qeyd olunub ki, Rusiya Silahlı Qüvvələri şəhər mərkəzinə doğru irəliləyib: “Rusiya qoşunları Baxmutka çayının qərb sahilini ələ keçirib. Ukraynanın şəhərin qərbindəki əsas 0506 təchizat marşrutu çox güman ki, ciddi təhlükə altındadır”.
Məlumatda bildirilib ki, Rusiya Müdafiə Nazirliyi və “Vaqner” muzdlu hərbi təşkilatı düşmənçiliyi dayandırıb: “Yəqin ki, tərəflər arasındakı əməkdaşlıq güclənəcək”.
Qeyd edək ki, Baxmutda gərgin döyüşlər altı aydır davam edir. Rusiya tərəfi şəhəri mühasirəyə aldığını bildirir. Ukrayna rəsmiləri isə döyüş şəraitinin nəzarətdə olduğunu qeyd edirlər.