Bakı. 7 yanvar. REPORT.AZ/ Böyük Britaniya parlamenti “Brexit”in şərtləri üzrə səsverməni yanvarın 15-də keçirəcək.
“Report” bu barədə “Reuters”ə istinadən xəbər verir.
"Müzakirələr gələn həftə, yanvarın 14-dən başlayacaq və sonrakı gün də davam edəcək. Yanvarın 15-də səsvermə olacaq”, - Böyük Britaniyanın Baş naziri Tereza Mey deyib.
Xatırladaq ki, daha əvvəl Britaniya hökuməti “Brexit” üzrə yekun planını açıqlayıb. Əsas məsələlərdən biri – Şimali İrlandiya və İrlandiya Respublikası arasındakı sərhəd məsələsi həll olunmamış qalıb.
Ötən il dekabrın 11-də Böyük Britaniya parlamentində “Brexit” şərtləri üzrə səsvermə keçirilməli idi, lakin Tereza Mey üçgünlük müzakirələrdən sonra onu ləğv edib. Baş nazir bunu sazişin hazırkı formasının deputatların əksəriyyəti tərəfindən dəstəklənməyəcəyi ilə izah edib.