Bakı. 4 mart. REPORT.AZ/ Böyük Britaniya Avropa İttifaqında (Aİ) Brüssel tərəfindən siyasətdə yalnız ciddi dəyişikliklər ediləcəyi təqdirdə qalacaq.
"Report" xəbər verir ki, bu bəyanatla Krallığın xarici işlər naziri Filip Hammond çıxış edib.
"Avropa İttifaqı son 20 il ərzində hansısa dövrdə relsdən çıxdı və indi düzgün olmayan istiqamətdə hərəkət edir. Birliyi relsə qaytarmaq üçün islahatlar həyata keçirmək və mövcud sazişləri yenidən nəzərdən keçirmək lazımdır", - deyə nazir bildirib.
"Böyük Britaniya Avropa İttifaqının strukturunu dəyişmək imkanından istifadə etməlidir ki, ona üzvlük ölkə üçün faydalı olsun", - deyə Hammond qeyd edib.
Bununla yanaşı, nazirin sözlərinə görə, o, son aylar ərzində Aİ-yə üzv olan 23 ölkə ilə danışıqlar aparıb.
"Tərəfdaşların böyük əksəriyyəti bizim ittifaqda qalmağımızı istəyir. Eyni zamanda, bunun üçün Brüssel öz siyasətində ciddi dəyişikliklərə getməli olacaq", - deyə XİN rəhbəri əlavə edib.