Braziliyada COVID-19 virusuna yoluxanların sayı dünəndən 12 056 nəfərdən 13 717 nəfərə, ölənlərin sayı isə 114 nəfər artaraq 667 nəfərə çatıb.
“Report” “Brazilian Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin açıqlamasında göstərilir.
Koronavirusdan daha çox zərər çəkən San Paolo ştatında 5 682 nəfər yoluxan və 371 nəfər ölən, Rio de Janeiro ştatında isə 1 688 yoluxan və 89 nəfər dünyasını dəyişən qeydə alınıb.
Dünənki mətbuat konfransı zamanı nazir Luiz Henrike Mandetta bir sıra dərmanların koronavirusa yoluxanların müalicəsində istifadə etmək üçün 5 min xəstə üzərində klinik sınaqlardan keçirildiyini, ilkin nəticələrin aprelin 20-də məlum olacağını bildirib.
Həmin dərmanlardan hidriksixlorokin vasitəsinin ağır vəziyyətdə olan xəstələr üçün istifadəyə verildiyi qeyd olunub.
Qeyd edək ki, ötən gün nazir L.H.Mandettanın Çinin səfiri Yanq Vanminq ilə görüşü zamanı iki ölkə arasında koronavirusa qarşı mübarizədə əməkdaşlıq məsələləri müzakirə olunub.