Sofiya. 26 mart. REPORT.AZ/ Bu gün Bolqarıstan parlamentinə - Xalq Yığıncağına 44-cü çağırış növbədənkənar seçkiləri keçirilib.
“Report”un Şərqi Avropa bürosu məlumat verir ki, bir sıra təşkilatlar seçkilərdə apardığı "exit poll"un nəticələrini açıqlayıb.
Belə ki, “Vətəndaşlar Bolqarıstanın Avropa inkişafı uğrunda” (GERB) partiyası 32,8% səs toplayaraq seçkilərin qalibi olub. “Bolqarıstan Sosialist Partiyası” isə seçicilərin 28,4% səsini toplayıb. Parlamentdə daha 3 partiyanın namizədləri deputat mandatı qazanıblar.
Bu, 2013-cü ildən bəri Bolqarıstanda keçirilən 3-cü növbədənkənar parlament seçkiləridir. Qeyd edək ki, 240 deputat mandatı uğrunda 12 partiya, 9 koalisiya və 9 müstəqil namizəd mübarizə aparıb.
Xatırladaq ki, Bolqarıstan prezidenti Rumen Radev yanvarın 24-də - prezident səlahiyyətlərinin icrasına başladığı 2-ci gün 43-cü çağırış Xalq Məclisinin (Parlament) yanvarın 27-də buraxılması barədə sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi martın 26-sı tarixinə təyin olunub.