BMT Təhlükəsizlik Şurası (TŞ) Haiti və Liviyaya qarşı məhdudlaşdırıcı tədbirləri genişləndirib.
“Report” TASS-a istinadən xəbər verir ki, hər iki qətnamə layihəsi yekdilliklə qəbul edilib.
Haiti ilə bağlı sənəd Ekvador və ABŞ tərəfindən hazırlanıb. 2700 (2023-cü il) saylı qətnamə silah embarqosu, aktivlərin dondurulması və Haitinin sanksiya siyahısına daxil edilmiş vətəndaşlarının BMT-yə üzv dövlətlərə səyahət qadağası da daxil olmaqla, sanksiyalar rejiminin bir il müddətinə uzadılmasını nəzərdə tutur. Sənəddə qeyd olunur ki, bu ölkədəki vəziyyət “beynəlxalq sülh və regionda təhlükəsizliyə təhdid yaratmaqda davam edir”. Əgər BMT Təhlükəsizlik Şurasının üzvləri sanksiyaların uzadılmasını təsdiqləməsəydilər, 21 oktyabr 2023-cü ildə onun tətbiqini dayandıracaqdılar.
Haitidə təhlükəsizlik və humanitar vəziyyət 2021-ci il iyulun 7-nə keçən gecə ölkə prezidenti Jovenel Moisenin öldürülməsindən, eləcə də həmin ilin avqustunda baş verən və 2,2 mindən çox insanın ölümünə səbəb olan zəlzələdən sonra pisləşib. Müxtəlif silahlı qruplar adada əhəmiyyətli bir qüvvə təşkil edir.
2701 (2023) saylı qətnamə Böyük Britaniya tərəfindən hazırlanıb. Qətnamə neft və neft məhsullarının qeyri-qanuni ticarəti ilə əlaqədar BMT-nin Liviyaya qarşı tətbiq etdiyi sanksiyaları 15 ay müddətinə uzadıb. Bundan əlavə, sənəd BMT-yə üzv olan bütün ölkələrdən Liviyaya qarşı silah embarqosu, aktivlərin dondurulması və səyahət qadağasını ehtiva edən sanksiyalar rejiminə riayət olunmasını tələb edir. BMT Təhlükəsizlik Şurasının 15 üzvünün hamısı qətnamənin qəbulunu dəstəkləyib.