Bakı. 20 dekabr. REPORT.AZ/ "Terrorizm çiçəklənir. Əsasən, transmilli cinayətkarlıq, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsi və təbii ehtiyatların qeyri-leqal hasilatı ilə bağlı gəlirlər hesabına".
"Report" AzərTAc-a istinadən xəbər verir ki, bu fikri BMT Baş katibinin siyasi məsələlər üzrə müavini Cefri Feltman Təhlükəsizlik Şurasının terrorizmə və transmilli cinayətkarlığa həsr olunmuş iclasında bəyan edib.
O deyib: “Transmilli cinayətkarlıq dövlət qurumlarını zəiflədir, dövlətlərin təhlükəsizliyi təmin etmək və iqtisadi inkişafa şərait yaratmaq imkanlarını sarsıdır. Belə cinayətlər korrupsiyanın çiçəkləndiyi mühitin yaranmasına, habelə insan hüquqlarının cəzasız şəkildə pozulmasına gətirib çıxarır”.
C.Feltman diqqəti “Boko haram”, “Əl Qaidə”, “Taliban” və özünü “İraq və Şam İslam dövləti” adlandıran terrorçu qruplaşmaların, habelə onların “əlaltılarının” azğınlıqlarına cəlb edərək vurğulayıb ki, həmin qruplaşmaların fəaliyyəti münaqişələri alovlandıran terrorizm və transmilli cinayətkarlıq arasında aşkar əlaqənin olduğunu göstərir.
BMT Təhlükəsizlik Şurasının üzvləri terrorçuların sərhədlərdən keçməsinə yol verməməyi, terror aktlarının maliyyələşdirilməsinin, o cümlədən transmilli cinayətkarlıqdan gələn gəlirlər hesabına maliyyələşdirilməsinin qarşısını alınmasını dövlətlərdən tələb edən qətnaməni yekdilliklə bəyəniblər.