BMT: Son 2 ildə Yəməndə 1,5 minə yaxın uşaq öldürülüb

BMT: Son 2 ildə Yəməndə 1,5 minə yaxın uşaq öldürülüb Stiven O Brayen: "Onların bir çoxu səhər məktəbə gedib və qayıtmayıb"
Digər ölkələr
27 Mart , 2017 06:39
BMT: Son 2 ildə Yəməndə 1,5 minə yaxın uşaq öldürülüb
Courtesy İmage

Bakı. 27 mart. REPORT.AZ/ Son 2 ildə Yəməndəki hərbi konflikt zamanı 1,5 minə yaxın uşaq öldürülüb.

"Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin humanitar məsələlər üzrə müavini Stiven O Brayen Yəmən hökuməti ilə üsyançılar arasında davam edən qarşıdurmanın ikinci ildönümü ilə əlaqədar yazılı bəyantla çıxışında bildirib.

"Yəməndə münaqişənin danışıqlar vasitəsilə nizamlanmasına dair hərtərəfli beynəlxalq səylərə baxmayaraq, güllə vıyıltısı, bombardman və artilleriya zərbələri ölkənin gündəlik həyatının tərkib hissəsinə çevrilib. Minlərlə dinc sakin, o cümlədən 1,4 min oğlan və qız qətlə yetirilib. Onların bir çoxu səhər məktəbə gedib və qayıtmayıb. On minlərlə mülki şəxs yaralanıb", - deyə baş katibin müavini bildirib.

O, son hesablamalara əsasən qeyd edib ki, ölkə əhalisinin üçdə iki hissəsinin, yəni 19 milyon yəmənlinin humanitar yardıma ehtiyacı var. Onlardan 7 milyon nəfəri aclıq təhlükəsi gözləyir.

O, Brayen vurğulayıb ki, beynəlxalq ictimaiyyət Yəməndə humanitar fəlakətin qarşısını almaq üçün əlindən gələni etməlidir. BMT rəsmisinin sözlərinə görə, hazırda beynəlxalq təşkilat və onun tərəfdaşları ölkənin 22 əyalətinin 6 milyon sakininə hər ay yardım verirlər.

"Biz daha çoxunu edə bilərik və etməliyik. Ancaq bunun üçün təcili, zəruri vəsait lazımdır, yoxsa çox gec olacaq", - deyə baş katibin müavini xəbərdarlıq edib. Yəməndə qiyamçı şiələrlə hökumət qüvvələri arasında qarşıdurma 2014-ci ilin avqust ayından davam edir.

Son xəbərlər

Orphus sistemi