“BMT Rusiyanın Ukraynanın şərqinə hərbi qüvvələr göndərmək qərarına görə təəssüflənir”.
“Report” xəbər verir ki, bunu BMT Baş katibinin siyasi məsələlər üzrə müavini Rozmari Di Karlo deyib.
O, qeyd edib ki, Rusiyanın qondarma Donetsk və Luqansk “xalq respublikaları”nı tanıması qərarının həm regional, həm də qlobal fəsadları ola bilər.
“Biz regional və qlobal fəsadlara gətirib çıxaran bu qərara görə çox təəssüflənirik”, - Rozmari Di Karlo Ukraynadakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının iclasında deyib.
“Biz həm də Rusiya qoşunlarının guya “sülhməramlı missiya”nın bir hissəsi kimi Ukraynanın şərqinə yerləşdirilməsi ilə bağlı bugünkü fərmana görə təəssüflənirik”, - BMT Baş katibinin müavini əlavə edib.
Qeyd edək ki, hazırda BMT Təhlükəsizlik Şurası Ukrayna ətrafındakı vəziyyətə həsr olunmuş iclas keçirir.
Xatırladaq ki, Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım Muxtar Respublikasını ilhaq edib. Bundan sonra Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlar başlayıb. Nəticədə Donetsk və Luqansk vilayətləri separatçıların nəzarətinə keçib. Döyüşlər Ukraynanın Silahlı Qüvvələri və Rusiyanın dəstəklədiyi qondarma Donetsk və Luqansk respublikalarının silahlıları arasında gedib. Rəsmi Moskva döyüşlərdə iştirakının olması ittihamını rədd edib.
Daha sonra 2020-ci ilin sonundan başlayaraq Ukrayna və Rusiya arasında münasibətlər daha da gərginləşməyə başlayıb, Donbasda təmas xəttində atəşkəsin pozulması mütəmadi xarakter alıb. ABŞ başda olmaqla Ukraynanın müttəfiqləri hərbi və maliyyə cəhətdən rəsmi Kiyevə yardım etsə də, münaqişəyə birbaşa müdaxilə etməyəcəklərini vurğulayıblar.
2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.
Qərb ölkələri, o cümlədən Türkiyə və Gürcüstan Rusiyanın bu addımını pisləyib və bunun beynəlxalq hüquqa zidd olduğunu açıqlayıblar.
Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yarımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.