Yuxarı

BMT: Neft satışı İŞİD-in fəaliyyətinin maliyyələşdirilməsində əsas mənbələrindən biri olaraq qalır

Bu gün İŞİD və digər terror qruplaşmalarının sıralarında 100-dən çox ölkədən 30 mindən artıq əcnəbi yaraqlı var

Bakı. 10 fevral. REPORT.AZ/ İŞİD dünyanın ən zəngin terror təşkilatıdır. 2015-ci ildə onun neft və neft məhsullarının satışından əldə etdiyi gəlirlərin həcmi 400-500 milyon dollar təşkil edib.

"Report" xəbər verir ki, bu barədə BMT baş katibinin siyasi məsələlər üzrə müavini Ceffri Feltmanın Təhlükəsizlik Şurasının üzvlərinin müzakirəsinə təqdim etdiyi baş katibin sülh və təhlükəsizlik üçün təhdidlə bağlı məruzəsində deyilir.

"İŞİD-in fəaliyyətinin maliyyələşdirilməsində əsas mənbələr zəbt edilmiş ərazilərdəki neft və neft məhsullarının, digər təbii resursların satışı, "vergilər ", ələ keçirilmiş vəsaitlər və əmlak, arxeoloji qazıntı yerlərindəki qədim əşyaların oğurlanması, xarici ianələr, girovların geri alınması üçün vəsaitlər, eləcə də digər maliyyə sxemləri, o cümlədən internet, sosial şəbəkələr vasitəsilə vəsait toplanmasıdır", - deyə baş katibin müavini bildirib.

Bu gün İŞİD və digər terror qruplaşmalarının sıralarında 100-dən çox ölkədən 30 mindən artıq əcnəbi yaraqlı-terrorçunun döyüşdüyü ehtimal edilir. İŞİD sıralarına qoşula biləcək potensial kütlə arasında öz ideyalarını təbliğ etmək üçün daha çox internet və sosial şəbəkələrdən istifadə edir.

BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edən Ceffri Feltman vurğulayıb ki, BMT təəssüf ki, üzv dövlətlərinin təqdim etdiyi İŞİD-in neft və neft məhsullarının qanunsuz ticarəti üçün istifadə etdiyi mümkün marşrutların sxemləri və ümumi məlumatlar əsasında müstəqil qiymətləndirmə həyata keçirə bilməz.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi