BMT İsveçrədə keçiriləcək Ukrayna üzrə Sülh Sammitində müşahidəçi qismində çıxış edəcək.
“Report” xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Stefan Düjarrik söyləyib.
“BMT müşahidəçi olacaq, biz [sammitdə] təmsil olunacağıq, dəqiq kim tərəfindən təmsil olunacağımızı isə mümkün olduqda, açıqlayacağam”, – dünya təşkilatının rəsmisi vurğulayıb.
Qeyd edək ki, Ukrayna üzrə Sülh Sammiti iyunun 15-dən 16-dək İsveçrədə keçiriləcək. Ümumilikdə Ukrayna və İsveçrə tədbirə 150-dən çox ölkə dəvət edib, Rusiya isə heç bir dəvət almayıb.
Xatırladaq ki, mayın 25-də Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda Bakının “Sülh Sammitində iştirakına, eləcə də Azərbaycanın Ukraynanın Sülh Formuluna fəal şəkildə qoşulacağına ümid etdiyini” bildirmişdi.