Yuxarı

BMT Krım tatarlarına qarşı siyasətə görə narahatdır

Bu gün Krım tatarlarının deportasiyasının ildönümü qeyd edilir

Bakı. 18 may. REPORT.AZ/ BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı Krım tatarlarına, xüsusilə də Məclisin deputatlarına qarşı aparılan hazırkı siyasətdən narahatlığını bildirib. "Report" xəbər verir ki, bu barədə BMT-nin xəbər mərkəzindən məlumat yayılıb.

"Mayın 18-i 200 min Krım tatarlarının deportasiyasının ildönümü qeyd edilir. Bu, 1944-cü ildə, II Dünya müharibəsi zamanı baş verib. Onların çoxunun sonradan geri qayıtmağına baxmayaraq, Krım Muxtar Respublikasında bu etnik azlığın taleyi narahatlıq doğurmağa davam edir", - deyə Komissarlığın nümayəndəsi Rupert Kolvill bildirib.

R.Kolvillin sözlərinə görə, son iki il ərzində, yəni Ukrayna münaqişənin əvvəlindən Krımda tatarların təqib edilməsi dayanmadan davam edib. Komissarlığın məlumatına görə, tatarlar üzərində qanunsuz şəkildə axtarış aparılır, onlar nəzarət altına saxlanmaq üçün həbs edilirlər. Amma kobud davranışla bağlı faktlar sonradan Krımın "de-fakto" hökuməti tərəfindən cavabsız qalır.

Komissarlıqdan onu da qeyd ediblər ki, Krım tatarlarının nümayəndə orqanı olan Məclisin üzvləri şübhəli ittihamlarla qorxudulur, onlara qarşı hücumlar və həbslər həyata keçirilir.

BMT ekspertləri, həmçinin yerli hökuməti dərhal Məclisinin fəaliyyətinə qoyulan qadağanı aradan qaldırmağa və ifadə azadlığı, sərbəst toplaşmaq və dini inanc prinsiplərinə hörmətlə yanaşmağa çağırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi