Birləşmiş Ərəb Əmirliklərinin və Əbu-Dabi əmirliyinin paytaxtı Əbu-Dabi şəhəri dünya milyarderləri arasında populyarlıq qazanır.
“Report” xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Dünyanın onlarla ən varlı adamı öz aktivlərini Əbu-Dabiyə köçürüb, xüsusi təyinatlı şirkətlər yaradıblar.
“M/HQ” konsaltinq şirkətinin məlumatına görə, hazırda azad zonada və “Abu Dhabi Global Market” (ADGM) maliyyə mərkəzində fəaliyyət göstərən 5 mindən çox belə şirkət var. Halbuki, 2016-cı ildə onların sayı cəmi 46 idi.
“Bloomberg” qeyd edib ki, 2015-ci ildə açılan ADGM azad zonası xüsusilə son illərdə cəlbedici olub, çünki BƏƏ səlahiyyətliləri Rusiya və bu dövlətlə əlaqəli şirkətlərə qarşı sanksiyalar tətbiq etməyib, ABŞ və Böyük Britaniya isə yalnız məhdudiyyətləri gücləndirib.
Bundan əlavə, azad zona milyarderləri öz aktivlərinin xarici yurisdiksiyalardan qorunacağına dair zəmanətlər verib.