Bakı. 11 yanvar. REPORT.AZ/ Belçika hüquq-mühafizə orqanları qeyri-qanuni yolla ölkə ərazisindən miqrantları Böyük Britaniyaya göndərən beynəlxalq cinayət şəbəkəsinin fəaliyyətini üzə çıxarıb.
"Report" "RİA Novosti"yə istinadən xəbər ki, Belçikanın Şərqi Flandriya vilayətinin prokurorluğunun məlumatına görə, cinayət təşkilatı fəaliyyəti dövründə Böyük Britaniyaya üç mindən çox adam göndərib. Miqrantlar qanunsuz yolla yük maşınları ilə Britaniyaya daşınırmış. Cinayətkar qruplaşma bunun müqabilində ada ölkəsinə apardığı hər miqranta görə 2 min avro qazanırmış.
İstintaq araşdırmaları çərçivəsində cinayət şəbəkəsinin 10 üzvü şübhəli şəxs qismində saxlanılıb. Onlar arasında kriminal qruplaşmanın rəhbəri olduğu güman edilən iki nəfər də var. İstintaq, həmçinin qeyri-qanuni yolla miqrantları daşıyan yük maşınlarının sürücülərinin də məsələdən xəbərdar olub-olmamasını araşdırır.