Bakı. 22 dekabr. REPORT.AZ/ Belçikada Arden bölgəsində yerləşən Anden şəhərində ölü tapılan NATO-nun baş auditoru İv Şandelon intihar edib.
Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.
"Yarılma intihar olduğunu üzə çıxarıb. Meyitin yanında vida məktubu da tapılıb" - Belçika prokurorluğunun nümayəndəsi bildirib. Amma o, məktubda yazılanların məzmununu açıqlamayıb.
Məmurun sözlərinə görə, İ.Şandelonun meyiti ötən həftənin cümə günü aşkar edilib, yarılma isə dekabrın 20-də həyata keçirilib.
NATO rəsmisinin meyiti iş yerindən 140 km, yaşadığı Lens şəhərindən isə 100 km aralıda aşkar edilib.
KİV-in məlumatına görə, 60 yaşlı İ.Şandelonun adına üç odlu silah qeydiyyatdan keçib. Amma meyit aşkar edilərkən onun yanında heç bir qeydiyyatı olmayan silah tapılıb. Məhz elə bu silahdan onun baş nahiyəsinə atəş açılıb.