Belarusun Vitebsk şəhərində ticarət mərkəzində baş vermiş yanğın nəticəsində 15 nəfər xəsarət alıb, 2 nəfərin vəziyyəti ağırdır.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Vitebsk vilayətinin səhiyyə üzrə baş idarəsinin rəisi Mixail Vişnevetski açıqlayıb.
“Belarus” ticarət mərkəzində baş verən yanğından sonra Vitebsk şəhərinin müalicə müəssisələrinə 15 nəfər müraciət edib, onlardan 9-u təcili tibbi yardım maşınları ilə çatdırılıb. 12 nəfər xəstəxanaya yerləşdirilib, 3 nəfər ambulator müalicə alır. Vitebsk Vilayət Klinik Xəstəxanasının reanimasiya şöbəsində olan iki xəstənin vəziyyəti ağırdır”, – Vişnevetski STV telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, həkimlər xəstələrin vəziyyətini tez bir zamanda sabitləşdirmək üçün bütün müalicə və diaqnostik tədbirləri həyata keçirirlər.