BƏƏ ABŞ-la 23 milyard dollarlıq hərbi razılaşmadan imtina edə bilər

BƏƏ ABŞ-la 23 milyard dollarlıq hərbi razılaşmadan imtina edə bilər Birləşmiş Ərəb Əmirlikləri Amerikadan 23 milyard ABŞ dolları dəyərində hərbi texnikanın alınmasına dair danışıqları dayandıra bilər. Buna səbəb ABŞ tərəfindən BƏƏ-yə Çinlə münasibətlərə yenidən baxılması ilə bağlı irəli sürülən tələbdir.
Digər ölkələr
15 Dekabr , 2021 02:45
BƏƏ ABŞ-la 23 milyard dollarlıq hərbi razılaşmadan imtina edə bilər

Birləşmiş Ərəb Əmirlikləri Amerikadan 23 milyard ABŞ dolları dəyərində hərbi texnikanın alınmasına dair danışıqları dayandıra bilər. Buna səbəb ABŞ tərəfindən BƏƏ-yə Çinlə münasibətlərə yenidən baxılması ilə bağlı irəli sürülən tələbdir.

“Report” xəbər verir ki, bu barədə Amerika mənbələrinə istinadən “The Wall Street Journal” məlumat yayıb.

“Bloomberg” isə bildirib ki, Birləşmiş Ştatlar BƏƏ-yə qarşıdakı dörd il ərzində ölkənin informasiya şəbəkələrində istifadə olunan Çinin “Huawei Technologies” şirkətinin avadanlıq və texnologiyalarından imtina etmək üçün təzyiq edir.

Qeyd olunub ki, Əmirliyin rəhbərliyi ABŞ-ın irəli sürdüyü şərtləri çox ağır hesab edir. Bununla əlaqədar Əbu-Dabi hakimiyyətinin nümayəndələri qarşı tərəfə tələblərinin üzərində duracaqları təqdirdə BƏƏ-nin hərbi texnika almaqla bağlı mövcud sazişdən çıxacağı ilə bağlı məktub göndəriblər. Nəşrin mənbələri məktubun Amerika administrasiyası tərəfindən alındığını təsdiqləyib.

Xatırladaq ki, ABŞ-ın keçmiş prezidenti Donald Trampın hakimiyyəti dövründə Dövlət Departamenti BƏƏ-yə “Lockheed Martin” şirkətinin istehsalı olan 50 “F-35” qırıcı, 18 “MQ-9B” pilotsuz uçan kəşfiyyat aparatı və başqa qabaqcıl hərbi sistem satmaq niyyətində olduğu barədə Konqresi xəbərdar etmişdi. Həmin sövdələşmə 23,37 milyard ABŞ dolları dəyərində olub.

Son xəbərlər

Orphus sistemi