ABŞ sentyabr ayında inflyasiya ilə mübarizə irəliləyiş əldə edib, avqustda bu sahədə imzalanan qanun sığorta haqlarının azaldılmasına və qocalar üçün dərmanların qiymətlərinin aşağı salınmasına kömək edir.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden bildirib.
"Bugünkü hesabat qiymət artımına qarşı mübarizədə müəyyən irəliləyiş olduğunu göstərir, lakin bizim hələ (bu istiqamətdə - red) işimiz çoxdur", - o bildirib.
"Lakin bu irəliləyişlə belə, qiymətlər hələ də çox yüksəkdir. Dünya dövlətlərinin əziyyət çəkdiyi və ölkəmizdə işləyən ailələrə təsir edən qlobal inflyasiya ilə mübarizə mənim əsas prioritetimdir", - o, əlavə edib.
Ağ Ev tərəfindən yayılan bəyanatda qeyd edilir ki, avqust ayında Prezident tərəfindən imzalanan, ABŞ-da inflyasiyanın azaldılması qanunu 13 milyon insan üçün tibbi sığorta haqlarının azaldılmasına, yaşlılar üçün reseptli dərmanların qiymətlərinin azaldılmasına, xərclərinin 2 000 dollaradək aşağı salınmasına kömək edəcək. Tədbir həm də yaxın aylarda ev təsərrüfatlarının elektrik enerjisi ödənişlərini azaldacaq.