Bakı. 20 aprel. REPORT.AZ/ Baskların ETA terror qruplaşması törətdikləri terror aktlarına görə peşman olaraq qurbanlarından bağışlanmalarını istəyib.
"Report" TASS-a istinadən xəbər verir ki, qruplaşmanın yaydığı bəyanatda bir daha belə şeylərin baş verməyəcəyi qeyd edilib.
"Bu illər ərzində insanlara çox acı çəkdirdiyimizi başa düşürük. Törətdiklərimizə görə peşmanıq. ETA-nın addımları nəticəsində ölən, yaralanan və xəsarət alanlara hörmət göstərmək istəyirik", - bəyanatda deyilir.
Qeyd edək ki, ETA qruplaşması mayın ilk həftəsinin istirahət günlərində qrupun ləğv olunduğunu elan edəcək.
Bildirək ki, ETA (Basklar ölkəsi və azadlıq) qruplaşması 1959-cu ildə təsis edilib və İspaniyanın şimalındakı, Fransanın cənub-qərbindəki əraziləri əhatə edən Baskoniya bölgəsinin müstəqilliyinin tərəfdarı olub. ETA tərəfindən törədilən terror hücumları nəticəsində 820-dən çox adam ölüb.