Yuxarı

Baş Assambleyada BMT Təhlükəsizlik Şurasının beş yeni qeyri-daimi üzvünün seçimi olacaq

Namizədlər arasında Qazaxıstan da var

Bakı. 28 iyun. REPORT.AZ/ Bu gün Baş Assambleyada 2017-2018-ci illər üzrə BMT Təhlükəsizlik Şurasının beş yeni qeyri-daimi üzvünün seçimi olacaq.

"Report" xəbər verir ki, Qərbi Avropa və digər ölkələr üçün ayrılmış iki yerə üç ölkə - İtaliya, Hollandiya və İsveç iddia edir. Latın Amerikası ölkələri qrupundan yeganə yerə yalnız bir namizəd (Boliviya) var. Asiya və Sakit okean ölkələri qrupunda isə bir yerə iki namizəd var - Qazaxıstan və Tayland. Qeyd edək ki, Qazaxıstan indiyə qədər heç vaxt BMT Təhlükəsizlik Şurasına üzv seçilməyib. Tayland isə 1985-1986-cı illərdə Şuranın üzvü olub.

Xatırladaq ki, Misir, Seneqal, Ukrayna, Uruqvay və Yaponiya ötən il 2016-2017-ci illər üzrə Şuranın qeyri-daimi üzvləri seçilmişdi.

Bu il dekabrın 31-də isə Anqola, Malayziya, Venesuela, Yeni Zelandiya və İspaniya Təhlükəsizlik Şurasındakı yerlərini tərk etməli olacaq.

Qeyd edək ki, Təhlükəsizlik Şurası on beş üzvdən ibarətdir. Böyük Britaniya, Çin, Fransa, Rusiya və ABŞ Təhlükəsizlik Şurasının daimi üzvləridir. Digər 10 üzv isə qeyri-daimi üzvlərdir və onlar Baş Assambleya tərəfindən iki il müddətinə seçilir. Hər il 10 qeyri-daimi üzvdən beşi dəyişir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi