Bakı. 21 dekabr. REPORT.AZ/ İspaniya Nazirlər Şurasının iclası keçirildiyi Barselona şəhərində nümayişçilər küçələrdən birində barrikada quraraq polislərə daş atırlar.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, etirazçılar dəmir hasarları və bir işıqforu sökub, zibil qutularını çevirirlər.
Etirazlara səbəb, adətən, cümə günləri Madriddə toplaşan hökumətin bu dəfə Kataloniya Muxtar Vilayətinin paytaxtında iclas keçirməsidir. Ötən gün mərkəzi hökumətin Baş naziri Pedro Sançeslə Kataloniya hökumətinin başçısı Joakim Torra “səmərəli dialoq” aparmaq barədə razılığa gəlsələr də, radikal təmayüllü qüvvələr hökumətin Barselonada iclas keçirməsini əsas tutaraq bütün bölgə miqyasında etiraz aksiyalarına başlayıblar.
Bir qədər əvvəl nümayişçilərə qarşı polis rezin dəyənəklərdən istifadə edib və 4 nəfəri saxlayıb. Aksiyanın çəkilişini aparan müxbir və operator bir neçə nəfərin hücumuna məruz qalıb.
Şəhərdə asayişin mühafizəsinə Kataloniyanın “Mossos d’Esquadra” polisinin 8 minədək əməkdaşı, habelə Mülki Qvardiya və Milli Polis qüvvələri cəlb olunub.