Bakı. 7 noyabr. REPORT.AZ/ Barselonada bomba təhlükəsinə görə bağlanan iki dəmir yol xəttində qatarların hərəkəti bərpa olunub.
“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, bunu İspaniyanın “ADİF” dəmir yol şirkətindən bildiriblər.
Qeyd olunub ki, Sants-de-Barcelona stansiyasında qatarlar əvvəlki qaydada işləyir.
Qeyd edək ki, Sants-de-Barselona Barselonanın əsas dəmiryol stansiyası sayılır. Oradan Fransaya yüksək sürətli qatarlar gedir.
*** 12:43
İspaniyanın Kataloniya əyalətinin mərkəzi olan Barselona şəhərində iki dəmiryol xəttinə bomba qoyulması ilə bağlı məlumat yayılıb.
“Report” “CNNTurk”ə istinadən xəbər verir ki, bu səbəbdən şəhərin Sants-de-Barselona stansiyasındakı hər iki dəmiryol xəttində hərəkət dayandırılıb, giriş bağlanıb.
Kataloniya polisindən bildirilib ki, stansiyanın təhlükəsizlik əməkdaşları çantada bomba yerləşdirilməsindən şübhələnərək, polisə məlumat veriblər. Hadisə yerinə polis və partlayıcı zərərsizləşdirən mütəxəssislər cəlb olunub. Kataloniyanın hüquq-mühafizə orqanları şaiyə və doğru olmayan informasiyaları yaymamağa çağırıb.
Qeyd edək ki, Barselona İspaniyanın ikinci böyük şəhəridir.