Yuxarı

​Barak Obama: İran ilə "tarixi saziş" əldə olunub

Ağ ev rəhbəri Konqresi məsuliyyətli olmağa çağırıb

Bakı. 3 aprel. REPORT.AZ/ "ABŞ müttəfiq və tərəfdaşları ilə birgə bu gün İran ilə "tarixi razılaşma" əldə edib və əgər saziş tam olaraq həyata keçirilərsə, bu, Tehranın nüvə silahı əldə etməsinin qarşısını alacaq".

"Report" "Amerikanın səsi" radiostansiyasına istinadən xəbər verir ki, bunu Ağ evdə çıxışı zamanı ABŞ prezidenti Barak Obama bildirib.

"Prezident və ali baş komandan olaraq mənim Amerika vətəndaşlarının təhlükəsizliyini düşünməkdən böyük məsuliyyətim yoxdur və mən əminəm ki, əgər çərçivə saziş yekun sövdələşmə ilə nəticələnsə, bu bizim ölkəni, müttəfiqlərimizin ölkəsini və dünyanı təhlükəsiz edəcək", - deyə Obama bildirib.

ABŞ prezidenti qeyd edib ki, İran bütün öhdəliklərini yerinə yetirib: təhlükəli materiallar məhv edilib, təftiş çoxalıb, danışıqlar davam etdirilib.

Obama çərçivə sazişi ABŞ-ın bu danışıqlarda tutduğu əsas hədəflərə cavab verən "yaxşı sövdələşmə" adlandırıb. Çünki bu, İranın nüvə silahı yaratmaq üçün gedə biləcəyi bütün yolları bağlayır. Onun sözlərinə görə, sövdələşmə etimada deyil, presedentsiz - bu günə kimi heç bir ölkənin məruz qalmadığı daha sərt yoxlamalara əsaslanır.

"Əgər İran bizi aldadarsa, bunu bütün dünya biləcək. Əgər biz nəsə şübhəli bir şey görsək, yoxlama aparacağıq", - deyə prezident bildirib.

O, həmçinin sazişdən narazı qalan İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon söhbəti edəcəyini söyləyib.

Ağ ev rəhbəri Konqresi sövdələşməyə məsuliyyətli yanaşmağa çağırıb.

"Bu məsələ siyasi fikir ayrılığından önəmlidir, əgər Konqres bu sövdələşməni "öldürərsə", ABŞ diplomatik uğursuzluqda ittiham olunacaq", - deyə o qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi