Yuxarı

Baş katib: "NATO Ukraynaya hərbi islahatlar üçün 15 mln. avro ayıracaq"

Alyans həmçinin müxtəlif ölkələrdən ikitərəfli əsaslarda yardımın göstərilməsini vəd edib

Bakı. 5 sentyabr. REPORT.AZ/ NATO Ukraynaya hərbi islahatlar üçün 15 mln. avro ayıracaq. Report-un İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə NATO-nun baş katibi Anders Foq Rasmussen Uelsdə keçirilən NATO-Ukrayna Komissiyası iclasından sonra  bildirib. 

"Biz Ukraynaya NATO vasitəsilə təxminən 15 mln avro həcmində yardım göstərəcəyik. Bundan əlavə, biz maliyyə və digər planlarda ikitərəfli yardım haqqında bir sıra məsələləri müzakirə etmişik " - deyə, A.Rasmussen qeyd edib. 

Fondlar dörd sahədə - logistika, komandanlıq və nəzarət, kibermüdafiə, eləcə də hərbi tibb və yaralıların reabilitasiyası sahəsində ordunun dəyişdirilməsi və  müasirləşdirilməsinə yönəldiləcək. 

"Bizim dəstəyimiz konkret və əhəmiyyətlidir. Biz Ukraynaya öz dövlət təhlükəsizliyini təmin etməyi nəzərdə tutan tədbirlər paketi hazırlamışıq. Həmçinin, müdafiə sahəsində islahatların aparılması üçün də tövsiyələrimizi verəcəyik" - deyə, baş katib bildirib. 

NATO baş katibi Ukraynada münaqişənin sülh yolu ilə həlli üzrə RF-də çərşənbə günü təklif olunmuş və yeddi bənddən ibarət planının həyata keçirilməsinə böyük ümidlər bəslədiyini də deyib. "Bizə elə bu lazımdır" - deyə, Rasmussen NATO-Ukrayna Komissiyası iclasının nəticələri üzrə mətbuat konfransında etiraf edib. "Biz sayıqlığı əldən verməməliyik. Lakin biz səmimi səylər gördüyümüz zaman onları alqışlamalıyıq" - deyə, baş katib əlavə edib.

Anders Foq Rasmussen həmçinin qeyd edib ki, Ukrayna NATO ilə gələcək münasibətlərini necə qurmağa özü qərar verməlidir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi