Yuxarı

Avstraliyada parlament tam tərkibdə buraxıla bilər

Qanuna görə, Avstraliya parlamentinə seçkilər bu il mütləq keçirilməlidir

Bakı. 21 mart. REPORT.AZ/ Avstraliyanın Baş naziri Malkolm Ternbul general-qubernator Piter Kasqrouvdan federal parlamentin aprelin 18-də, növbəti maliyyə ili üçün büdcə layihəsinin müzakirəsi məqsədilə adətən olduğundan üç həftə əvvəl toplanmasını xahiş edib. Baş nazir bunu tikinti sənayesinə nəzarətlə bağlı hökumət komissiyasının bərpasına dair qanun layihəsini bəyənmək üçün bu yaxınlarda parlament tətilinə çıxmış qanunvericilərin əlavə vaxt qazanacağı ilə əsaslandırıb.

Məsələ burasındadır ki, parlamentin yuxarı palatası həmin qanun layihəsini ilkin müzakirədən sonra geri qaytarmışdı və təkrar etiraz hökumətə “ikiqat addım” atmağa və parlamenti tam tərkibdə buraxaraq qısa müddətdə yeni seçkilər keçirməyə imkan yaradacaq.

Avstraliyada parlament seçkiləri zamanı Nümayəndələr Palatasının tərkibi (150 deputat) tam, Senat isə əlli faiz (76 deputatdan 36-sı) dəyişilir. Lakin Konstitusiyaya əsasən, parlamentin hər hansı bir qanun layihəsini təkrar müzakirədən sonra iki dəfə qəbul etməməsi hökumətə parlamenti buraxmaq hüququ verir.

M.Ternbul bildirib ki, əgər Senat təkidlə həmin qanun layihəsinin qəbuluna qarşı çıxarsa, o zaman Avstraliyada seçkilər iyulun 2-də keçiriləcək. Qanuna görə, Avstraliya parlamentinə seçkilər bu il mütləq keçirilməlidir, lakin onun dəqiq vaxtının təyini hökumətin səlahiyyətləri çərçivəsindədir.

Müxalif Leyboristlər Partiyasının nümayəndələri bəyan ediblər ki, əslində tikintiyə nəzarətin bərpası ilə bağlı qanun layihəsi Baş nazir üçün məzmun baxımından əhəmiyyətli deyil və məqsəd seçkilərin ona münasib vaxtda keçirilməsidir. Leyboristlərin lideri Bill Şorten bəyan edib ki, M.Ternbulu yalnız bir məsələ - onun özü ilə bağlı fikir narahat edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi