Avropa Komissiyasının birlik və islahatlar üzrə icraçı vitse-prezidenti Raffaele Fitto Fransanın dənizaşırı əraziləri olan Reyunyon və Mayot adalarına səfər edib.
Səfərdə məqsəd ərzaq çatışmazlığından və son dağıdıcı qasırğaların fəsadlarından əziyyət çəkən yerli sakinlərin ağır həyat şəraiti ilə tanışlıqdan ibarət olub.
Reyunyon və Mayot Fransanın bir hissəsidir və rəsmi olaraq dənizaşırı ərazilər adlandırılsa da, əslində hələ də müstəmləkə olaraq qalır.
“Report”un məlumatına görə, R.Fitto “X” sosial şəbəkəsindəki səhifəsində səfərin gedişatı barədə ətraflı paylaşım edib.
“X”dakı paylaşımlarından birində R.Fitto "Şido" siklonunun səbəb olduğu dağıntıların miqyasını təsvir edib, Mayot sakinlərinin adada normal həyatı bərpa etmək üçün nümayiş etdirdikləri dözüm və cəsarəti vurğulayıb.
Lakin təbii fəlakətlərin nəticələri daha dərin sistem probleminin yalnız bir hissəsidir. Ada əhalisinin üzləşdiyi ən kəskin çağırışlardan biri içməli su çatışmazlığıdır.
Səfər çərçivəsində icraçı vitse-prezident regionun nəqliyyat bağlantısının yaxşılaşdırılmasına kömək edən Longoni limanı və Mayotu içməli su ilə təmin etmək üçün kritik əhəmiyyətli infrastruktur olan Kombani-Hill su anbarı da daxil olmaqla, Aİ-nin dəstəklədiyi bir sıra əsas obyektlərə baxış keçirib.
O, Avropa Komissiyasının bu ərazilərə dəstəyini bundan sonra da davam etdirmək, iqtisadi inkişafın bərpasına kömək etmək niyyətində olduğunu bildirib.
R.Fitto Reyunyon adasında "Garance" siklonu nəticəsində dəymiş ziyanı müzakirə etmək üçün yerli fermerlərlə görüşüb: "Bu, kənd təsərrüfatı sektorunun bərpası üçün strategiyanın hazırlanması baxımından vacib an idi", - o, paylaşımında yazıb.
Qanunauyğun sual yaranır: niyə Avropa Komissiyası yüksək mərkəzləşmə səviyyəsinə malik olan və öz regionlarına görə formal məsuliyyət daşıyan Fransanın dənizaşırı ərazilərini dəstəkləməyə bu qədər maraq göstərir?
İlk baxışda, Aİ-nin bu addımı üzv ölkənin daxili işlərinə müdaxilə kimi görünə bilər - bu, subsidiarlıq prinsipləri və milli suverenliyə hörmətlə ziddiyyət təşkil edir. Lakin rəsmi Parisin açıq-aşkar laqeydliyi şəraitində Avropa institutları, görünür, təşəbbüsü öz üzərinə götürür və Fransa hökumətinin səbəb olduğu diqqət və resurs çatışmazlığını heç olmasa qismən aradan qaldırmağa çalışır.
Diqqətəlayiq haldır ki, Fransa Prezidenti Emmanuel Makron 2024-cü ilin dekabrında 90 il ərzində ən güclü fırtınanın viran qoyduğu Mayot arxipelaqına səfər edib. O, zərər çəkmiş ərazilərdə dağılmış infrastruktur obyektlərinə baş çəkib və yardım vəd edib. Lakin R.Fittonun paylaşımlarından göründüyü kimi, dörd ay keçsə də, bir çox problemlər öz həllini tapmayıb və Yelisey sarayının bəyanatları real addımlarla dəstəklənməyib.
Bu fonda Aİ-nin mövqeyi təkcə həmrəylik jesti kimi deyil, həm də Parisə incə diplomatik siqnal kimi görünür. Ola bilsin ki, Brüssel Fransanın dənizaşırı ərazilərinin ölkə rəhbərliyinin xarici siyasi ambisiyaları, o cümlədən Ukrayna böhranında fəal iştirakı, eləcə də Cənubi Qafqaz ölkələrinin daxili işlərinə açıq müdaxiləsi fonunda "görünməzlik zonası" olaraq qalmasına göz yummağa daha az hazırdır.
Bu, Avropa siyasətinin paradoksudur: Fransa beynəlxalq arenada təhlükəsizlik və demokratiyanın zəmanətçisi qismində çıxış etməyə çalışdığı halda, öz sərhədləri daxilində (dənizaşırı ərazilər də daxil olmaqla) çağırışlara operativ və səmərəli cavab vermək qabiliyyətinin olmamasını getdikcə daha çox nümayiş etdirir.