Fransalı ekspert: "Avropa İttifaqı pandemiya dövründə zəifliyini nümayiş etdirdi"

Fransalı ekspert: "Avropa İttifaqı pandemiya dövründə zəifliyini nümayiş etdirdi" “Əgər 10-15 il əvvəl etdiyimiz səhvləri təkrar edəcəyiksə, yenə də bu cür pendemiyalarla üzləşəcəyik“.
Digər ölkələr
21 May , 2020 14:08
Fransalı ekspert: Avropa İttifaqı pandemiya dövründə zəifliyini nümayiş etdirdi

“Əgər 10-15 il əvvəl etdiyimiz səhvləri təkrar edəcəyiksə, yenə də bu cür pendemiyalarla üzləşəcəyik“. 

Bunu “Report”un yerli bürosuna Fransanın Beynəlxalq Əlaqələr və Strategiyalar İnstitutunun direktor müavini Didye Bilyon (Didier Billion) bildirib.

O, indiki ərəfədə Avropa İttifaqına üzv ölkələrin öz qayda-qanunlarını tətbiq etmələrini, tibbi, iqtisadi, siyasi və digər əməkdaşlıq formalarından qaçmalarını əsl uğursuzluq adlandırıb: “Bizə illərdir Avropa İttifaqının (Aİ) vətəndaşların kollektiv surətdə fəaliyyət göstərdiyi və beynəlxalq səviyyədə çəkiyə malik yeganə qurum olduğunu deyiblər. Lakin Aİ pandemiya dövründə zəifliyini və bacarıqsızlığını nümayiş etdirdi. Əslində belə kritik vəziyyətə birgə siyasi reaksiya daha böyük effekt verərdi. Bu gün Aİ ölkələri iqtisadiyyatı yenidən işə salmaq üçün səylərini birləşdirməyə çalışırlar. Lakin son illərdəki iqtisadi seçimlərin fundamentlərinin dəyişdiriləcəyinə əmin deyiləm. Dövlət başçıları hələlik əsaslı dəyişliklər etməkdə maraqlı olduqlarını nümayiş etdirmirlər". 

D.Bilyonun sözlərinə görə, Avropa dövlətləri iqtisadiyyatlarında ciddi qayda-qanunlar tətbiq etməlidirlər: “2008-ci ildə baş verən iqtisadi böhran zamanı “iqtisadiyyatı tənzimləmək“, “zərərli kapitalizm“ kimi böyük bəyanatlar eşitsək də, həqiqi dəyişiklik baş vermədi. Bu tibbi böhran bir daha cəmiyyətin azad iqtisadiyyatın qoyduğu qayda-qanunlar əsasında idarə oluna bilməyəcəyini göstərdi. Bu gün bir daha aydın oldu ki, dövlətin cəmiyyətin təşkilində rolunun əhəmiyyətinə şübhə ilə yanaşmaq səhv seçimdir. Azərbaycan və bir sıra ölkələrdəki kimi dövlət iqtisadiyyatın təşkili və planlamasında əhəmiyyətili rol oynamalıdır. Avropada da dövlətlərin rolu gücləndirilməlidir. İqtisadiyyatın bütün sahələrində ciddi qayda-qanuna, nizamlı fəaliyyətə nail olmalı, anarxiyaya son qoymalıyıq. Neo-liberalizmin səhiyyə sistemi üçün də təhlükəli olduğunu gördük. Bu müxtəlif ölkələrdə müxtəlif formada baş verdi. Azərbaycanda hökumət lazımi vaxtda və intensiv surətdə müvafiq tədbirlər görüb. Bununla belə, Azərbaycanda koronavirusun qurbanlarının sayı cüzi olsa da, təhlükənin tam sovuşduğunu da demək olmur. Çünki tibbi böhranın özünü kəskin göstərdiyi İran, Rusiya kimi dövlətlərlə sərhədlərə malikdir". 

Fransalı ekspert avropalıların istehlaklarında da dəyişikliklər etmələrinin zəruri olduğunu vurğulayıb: “Əvvəlki formada istehlaka davam etmək səhv yoldur. İqtisadiyyatı yenidən işə salmaq ərəfəsində ilk gündəliyə çıxarılan sahə avtomobil sənayesi oldu. Fransada bu gün maska, süni nəfəs aparatlarının çatışmazlığının olduğu bir vaxtda insanların avtomobillərini yeniləmələrinə heç bir ehtiyac yoxdur. Düzgün seçim etməyimiz vacibdir. Turizmə gəldikdə isə insanların səyahət etmələrini qadağan etmək nə düzgün, nə də arzuediləndir. Lakin digər sahələrdə olduğu kimi, turizmdə də ciddi surətdə nizamlanmalıdır. Dünyanın bir bölgəsindən digər uzaq bölgəsinə çimərliyə getməyimizin mənasını görmürəm. Lakin mədəniyyət turizmini - digər sivilizasiyalar, arxitektura və tarixi əhəmiyyətli ocaqlar ilə tanışlıq məqsədli səyahətləri davam etdirməliyik. Bunun üçün isə 5 000 nəfərlik turist gəmisinin yenidən işə salınmasına artıq heç bir ehtiyac yoxdur. Fərdi turizmə icazə verməli, kütləvi turizmə son qoymalıyıq. Təbii ki, bu da böyük turizm şirkətlərinin maraqlarına ziddir". 

Son xəbərlər

Orphus sistemi