Yuxarı

Argentina prokurorluğu ölkə prezidentinin üzərindən bütün ittihamları götürüb

Argentina  prezidenti və XİN rəhbəri əlbir olmaqda şübhəli bilinirdi

Bakı. 21 aprel. REPORT.AZ/ Argentina prokurorluğu ölkə prezidenti Kristina Fernandes de Kirşnerə qarşı bütün ittihamları geri götürüb. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, Argentina federal prokuroru Xavyer de Luka bildirib ki, bir müddət əvvəl prokuror Nisman tərəfindən təqdim olunan dəlillər yetərsizdir və Kirşnerin hərəkətlərində cinayət tərkibi yoxdur. 

1994-cü ildə Buenos-Ayresdə yəhudi mədəniyyət mərkəzində baş verən partlayışla bağlı işi araşdıran prokuror Alberto Nisman yanvar ayında geniş ictimaiyyət qarşısında prezident Kristina Kirşner və XİN rəhbəri Ektor Timermanı Buenos-Ayresdə törədilən partlayışda şübhəli bilinən iranlıların cəza almamasını təmin etmək məqsədilə əlbir olmalarında ittiham edib. 

Bir müddət sonra Nismanın cəsədi öz mənzilində tapıldı. Hazırda istintaq bunun qətl və ya intihar olduğunu müəyyənləşdirməyib. 

Fevralın sonlarında Kirşnerə qarşı ittihamlar geri götürülüb, lakin federal prokuror Xerardo Polyisita Nismanın apardığı cinayət işi çərçivəsində bu qərardan şikayət edib və rəsmi olaraq Kristina de Kirşner, Ektor Timerman, eləcə də siyasətçilər Luis D'Elia və Andres Larrokeyə qarşı ittiham irəli sürüb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi