Antalyada EXPO 2016 ümumdünya sərgisi açılıb

Antalyada EXPO 2016 ümumdünya sərgisi açılıb Sərginin təntənəli açılış mərasimində Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan da iştirak edib
Digər ölkələr
22 Aprel , 2016 21:14
Antalyada EXPO 2016 ümumdünya sərgisi açılıb

Bakı. 22 aprel. REPORT.AZ/Türkiyənin Antalya şəhərində "Antalya EXPO 2016" Beynəlxalq Botanika sərgisinin açılışı olub. "Report"un məlumatına görə, ümumdünya botanika sərgisi 160 il ərzində ilk dəfədir Antalyada açılır.

Heydər Əliyev Mərkəzinin dəstəyi ilə sərgidə təxminən 2 min kivadratmetr ərazini əhatə edən Azərbaycan milli pavilyonu qurulub.

Çox sayda xarici qonağın, Türkiyədə fəaliyyət göstərən diplomatik korpus və beynəlxalq təşkilat nümayəndələrinin iştirakı ilə keçirilən açılış mərasimində Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini, Azərbaycanın “Antalya Ekspo 2016”dakı milli pavilyonu üzrə layihənin rəhbəri Adil Kərimli, kənd təsərrüfatı naziri Heydər Əsədov və Azərbaycanın Ankaradakı səfiri Faiq Bağırovdan ibarət Azərbaycan nümayəndə heyəti də təmsil olunub.

Sərginin təntənəli açılış mərasimində Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan, baş nazir Əhməd Davudoğlu, xarici işlər naziri Mövlud Çavuşoğlu, həmçinin dünyanın 53 ölkəsinin nümayəndələri iştirak edib.

Azərbaycan “Ekspo” Ümumdünya sərgisində 2000-ci ildən iştirak edir. Ölkəmiz 2015-ci ildə Milanda keçirilən “Ekspo” sərgisində ilk dəfə milli pavilyonla təmsil olunub. Həmin sərgidə milli pavilyon Heydər Əliyev Fondunun təşkilatçılığı ilə fəaliyyət göstərib

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu sərginin təntənəli açılış mərasimində çıxış edərək ötən ilin noyabrında baş vermiş təyyarə insidenti ilə əlaqədar Rusiya nümayəndələrinin bu tədbirə qatılmadığını vurğulayıb. O, buna baxmayaraq Antalyada minlərlə Rusiya vətəndaşının yaşadığını qeyd edib.  

Xatırladaq ki, “Ekspo” sərgisi ilk dəfə 1851-ci ildə Londonda keçirilib. Dünyanın müxtəlif ölkələrində təşkil olunmuş bu sərgiyə Türkiyə ilk dəfə ev sahibliyi edir.

Son xəbərlər

Orphus sistemi