Almaniyanın keçmiş kansleri Rusiya Prezidenti ilə görüşüb

Almaniyanın keçmiş kansleri Rusiya Prezidenti ilə görüşüb İyulun sonunda Rusiyanın paytaxtı Moskvada Almaniyanın keçmiş kansleri Gerhard Şröder və Rusiya Prezidenti Vladimir Putin arasında görüş baş tutub.
Digər ölkələr
3 Avqust , 2022 12:35
Almaniyanın keçmiş kansleri Rusiya Prezidenti ilə görüşüb

İyulun sonunda Rusiyanın paytaxtı Moskvada Almaniyanın keçmiş kansleri Gerhard Şröder və Rusiya Prezidenti Vladimir Putin arasında görüş baş tutub.

“Report” xəbər verir ki, bu barədə sabiq federal kansler “Stern” jurnalı və “N-tv” telekanalına müsahibəsində deyib.

O, müsahibəsində Ukraynadakı müharibənin danışıqlarsız dayandırıla bilməyəcəyini söyləyib və Almaniya hökumətindən danışıqlar aparanların işini əlindən almaq istəmədiyini qeyd edib: “Bəs niyə qanuni olan və mənə, həmçinin ailəmə problem gətirməyəcək danışıqları dayandırmalıyam?”

G.Şröder bildirib ki, Rusiya hakimiyyəti Ukrayna ilə danışıqlara hazırdır. O, mart ayında İstanbulda keçirilən son əyani danışıqları misal çəkib, Türkiyənin rolunu da qeyd edib. Şröderin sözlərinə görə, Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracına dair sazişlərin bağlanmasında Türkiyə hakimiyyəti də faydalı olub. Sabiq kanslerin fikrincə, taxıl sazişlərini atəşkəsədək tədricən genişləndirmək olar.

Jurnalistlərlə söhbəti zamanı keçmiş kansler Ukraynadakı müharibəni Rusiya hökumətinin səhvi adlandırıb, lakin münaqişənin həlli üçün hər iki tərəfdən güzəştə ehtiyac olduğunu vurğulayıb.

Putinlə dostluğundan söz açan Şröder onların arasında nifaq ola biləcəyini istisna edib: “Vladimir Putindən şəxsi uzaqlaşma, həqiqətən, kiməsə xeyir verə bilərmi? Qərarlar vermişəm, onlara sadiq qalıram və aydınlıq gətirdim ki, yəqin yenidən faydalı ola biləcəyəm. Bəs niyə üzr istəməliyəm?”.

Almaniyanın “Focus” jurnalı Şröderin müsahibəsini şərh edərək yazıb ki, keçmiş kansler söhbət zamanı “Putinin təbliğatı” ilə bağlı bir neçə tezis irəli sürüb. Onlardan biri “Şimal axını 2” qaz kəmərinin işə salınmasıdır ki, bu, Şröderin fikrincə, qaz böhranının həlli olacaq (V.Putin bu barədə iyulda danışmışdı – red.): “Şimal axını 2"dən istifadə etmək istəmirsinizsə, bunun fəsadları ilə üzləşməli olacaqsınız. Onlar Almaniyada nəhəng olacaqlar”.

“İşlər həqiqətən çətinləşdikdə bu boru kəməri var və həm “Şimal axını” və “Şimal axını 2” kəmərləri ilə Almaniya sənayesi və alman ev təsərrüfatları üçün heç bir təchizat problemi olmayacaq”, - G.Şröder vurğulayıb.

Qeyd edək ki, iyulun 26-da keçmiş siyasətçinin Moskvada səfərdə olduğu məlum olub. 78 yaşlı sabiq kansler jurnalistlərə bildirib ki, Rusiyaya tətilə gəlib. Lakin onun həyat yoldaşı So Yon Şröder-Kim deyib ki, keçmiş kansler enerji siyasəti ilə bağlı danışıqlarda iştirak etmək üçün gəlib.

Ukraynadakı müharibə fonunda iyunun ortalarından etibarən Rusiya “Şimal axını 1” vasitəsilə qaz tədarükünü kəskin şəkildə azaldıb. Birincisi, “Qazprom” qaz kəmərinin yükünün nominalını 40 %-dək azaldıb və bunu Kanadanın sanksiyalara görə təmirdən sonra istismar üçün lazım olan turbini geri qaytarmaması ilə izah edib. İyulun 25-də “Qazprom” daha bir turbinin təmirə ehtiyacı olduğunu elan edib və iyulun 27-dən “Şimal axını 1” vasitəsilə qazın nəqli planlaşdırılan gücün 20 %-nə endirilib.

Son xəbərlər

Orphus sistemi