Almaniyada sinaqoq və yəhudi abidələrinə hücum olub

Almaniyada sinaqoq və yəhudi abidələrinə hücum olub İsrail və Fələstin arasında mayın 10-da başlayan gərginlik Avropaya da sıçrayıb
Digər ölkələr
16 May , 2021 09:26
Almaniyada sinaqoq və yəhudi abidələrinə hücum olub

İsrail və Fələstin arasında mayın 10-da başlayan gərginlik Avropaya da sıçrayıb.

“Report”un Avropa bürosunun məlumatına görə, bir çox Avropa dövlətlərində İsrail və Fələstinə dəstək məqsədilə kütləvi aksiya və yürüşlər keçirilib.

Ötən gün Almaniyanın bir çox böyük şəhərində keçirilən Fələstinə dəstək aksiyası zamanı sinaqoq və yəhudi abidələrinə hücum olub. Nəticədə bir neçə sinaqoqun qapısı sındırılaraq, divarlarına antisemitis şüarlar yazılıb.

Almaniyanın hökumət sözcüsü Ştefan Zaybert ölkədə sinaqoq və yəhudi abidələrinə qarşı hücumu qınadıqlarını bildirib.

O bildirib ki, Almaniya demokratiyası antisemitis aksiyalara dözümlü yanaşa bilməz:

“Yaxın Şərqdəki qarşıdurmanın buradakı yəhudi icması ilə heç bir əlaqəsi yoxdur. Alman hakimiyyətlərini yəhudilərin təhlükəsizliyini təmin etmək üçün əllərindən gələni etməyə çağırıram”.

Almaniya Prezidenti Frank Valter Ştanmayer də hücumları qınadığını və ölkəsindəki yəhudilərə qarşı nifrətə əsla dözməyəcəyini bildirib.

Almaniya Federal Daxili İşlər Nazirliyindən verilən açıqlamaya görə, ölkədə yerləşən bütün sinaqoq və yəhudi abidələrinin mühafizəsi daha da gücləndirilib. Bir neçə şəhərdə sinaqoqa hücum planlaşdıran şəxslər saxlanılıb.

Kansler Angela Merkelin partiyası Xristian Demokrat İttifaqının (CDU) mərkəzi ofisinin qarşısında isə, İsrail bayrağı asılıb. CDU-nun baş katibi Paul Çimiak partiyasının İsrail ilə həmrəylik əlaməti olaraq İsrail bayrağını asdığını söyləyib.

Çimiak bayrağın İsrailin qurulmasının ildönümünə - 14 may tarixinə qədər orada qalacağını bildirib.

Məlumat üçün bildirək ki, Fələstinin raket hücumlarına İsrailin cavabı ölkənin müxtəlif şəhərlərində etiraz aksiyaları ilə qarşılanıb. Bir çox şəhərdə sinaqoq və yəhudi abidələrinə hücum edilib, İsrail bayrağı yandırılıb.

Səlahiyyətlilər İsrail və Fələstin arasında artan gərginlik səbəbiylə daha çox etiraz aksiyalarının ola biləcəyi xəbərdarlığını ediblər.

Son xəbərlər

Orphus sistemi