Son sutkada Almaniya Federativ Respublikasında (AFR) koronavirusdan daha 10 nəfər ölüb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə AFR-in Səhiyyə Nazirliyinin strukturuna daxil olan və ölkədə COVID-19 xəstəliyinin statistikasını aparan Robert Kox İnstitutu bildirib.
İnstitutun məlumatına görə, son bir gündə Almaniyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 503 olub.
AFR-də ümumilikdə COVID-19-a 190 862 yoluxma aşkarlanıb, epidemiyanın başlanğıcından koronavirusdan 8 895 pasiyent ölüb. Bu günədək ölkədə 175,7 min insan sağalaraq xəstəxanalardan evə buraxılıb.
Təhlükəli infeksiyaya yoluxma hallarının ən böyük sayı Bavariyada qeydə alınıb. Burada COVID-19-a 47 894 yoluxma aşkarlanıb. Şimali Reyn-Vestfaliyada 41 418, Baden-Vürtemberqdə 35 365 nəfər koronavirusa yoluxub. Berlində yoluxma ilə bağlı 7 916 hal aşkarlanıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.