Bakı. 7 yanvar. REPORT.AZ/ Almaniya polisi yerli siyasətçilər və məşhurların şəxsi məlumatların sızması ilə bağlı iş üzrə Haylbronn şəhərində (Baden-Vürtemberq federal torpağı) 19 yaşlı kişinin evində axtarışlar həyata keçirib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ARD telekanalı məlumat verib.
Məlumata görə, evində axtarış aparılan şəxs informasiya texnologiyaları sahəsində işləyir və hazırda iş üzrə şahid qismində nəzərdən keçirilir. O, hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən dindirilib.
Qeyd olunur ki, o, “Twitter”də almaniyalı siyasətçilərin, jurnalistlərin və məşhurların şəxsi məlumatlarını – mobil telefonlarını, ünvanlarını, hesablarını, bank təlimatlarını, fotoşəkillərini, kredit kartlarının məlumatlarını, yazışmalarını şəbəkəyə yerləşdirdiyi iddia edilən hakerlə tanış olduğunu bildirib.
Xatırladaq ki, daha əvvəl yüzlərlə almaniyalı siyasətçinin şəxsi məlumatlarının hakerlər tərəfindən dərc edildiyi barədə məlumat verilib.