Bakı. 15 avqust. REPORT.AZ/ Almaniya 2.5 ildir Türkiyənin Kahramanmaraş şəhərində yerləşdirdiyi "Patriot" zenit-raket kompleksini bu ölkədən çıxarmaq qərarına gəlib. "Report" "Hürriyyət" qəzetinə istinadən xəbər verir ki, buna səbəb kimi Suriyadan Türkiyəyə qarşı hansısa bir təhlükənin olmadığı göstərilib. Almaniya
Məlumata görə, avqustun 14-də bəzi hərbi ləvazimatlar təhlükəsizlik tədbirləri altında Almaniyaya çatdırılmaq üçün İsgəndərun limanına aparılıb. Hərbi avadanlıqları daşıyan 17 yük avtomobili İsgəndərundan gəmiylə Almaniyaya göndəriləcək.
Qeyd edək ki, ötən il Hollandiya da Suriyadan Türkiyəyə qarşı hansısa bir təhlükənin olmadığını əsas gətirərək Adanadakı "Patriot" zenit-raket kompleksini bu ölkədən çıxarmış, əvəzində İspaniyadan "Patriot" raketləri gəlmişdi. Almaniyadan sonra ABŞ və İspaniyanın da ilin sonunadək "Patriot" raketlərini Türkiyədən çıxarması gözlənilir.
Xatırladaq ki, Almaniya, ABŞ və Hollandiyaya məxsus "Patriot" raketləri 2013-cü ilin yanvarında NATO missiyası çərçivəsində Türkiyəyə yerləşdirilib. Suriyadan gələn təhdidlərə qarşı Türkiyənin tələbi üzərinə yerləşdirilən "Patriot" raketləri indiyədək istifadə edilməyib.


