Yuxarı

​AFFA-nın baş katibi Azərbaycan millisinin qələbəsindən danışıb

Oyunun axırında vurulan qol onu göstərdi ki, komanda son saniyəyə qədər mübarizə aparır

Bakı. 29 mart. REPORT.AZ/ "Çətin oyun oldu. Ən çətini o idi ki, bu qarşılaşma yeni komanda, Robert Prosineçki üçün ilk rəsmi oyun idi. Bunu unutmaq olmaz".

"Report"un məlumatına görə, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

Malta ilə qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandıran baş katib meydanda yeni komanda və sistemin olduğunu söyləyib:

"Oyunun axırında vurulan qol onu göstərdi ki, komanda son saniyəyə qədər mübarizə aparır".

E.Məmmədov baş məşqçi Robert Prosineçkinin 90 dəqiqə ərzində texniki zonada əyləşməyərək ayaq üstə qalmasına da münasibət bildirib. O, xorvatiyalı mütəxəssisin milliyə can yandırdığını deyib:

"Gördüm ki, o, 90 dəqiqə oturmadı. Təbii ki, məşqçi olaraq həyəcan keçirdir. O "Kayserispor"da olanda da oturmurdu. Əgər həyəcanlanır, əsəbləşirsə, demək komandaya ürəyi yanır. Bu normaldır. Çünki özümüz də baxanda həyəcan keçiririk və üstəlik o məşqçidir, 10 qat daha həyəcan keçirir. İlk oyun olduğu üçün ancaq 3 xal gözləyirdi".

Futbolçulara mükafat veriləcəyini dilə gətirən AFFA rəsmisi onların milli komandada çıxışı üçün heç bir maaş almadığını qeyd edib. Onun sözlərinə görə, bu səbəbdən futbolçuların maliyyə motivasiya da olmalıdır:

"Bir sistem var və bu sistemə uyğun hesablama aparacağıq. Futbolçular öz klublarından pul alır. Milli komandada oynamaq onlar üçün fəxrdir, amma maliyyə motivasiyası da olmalıdır. Bəzi federasiyalar milli komandada çıxış edən futbolçulara maaş verir. Bəzi futbolçular sponsorlardan pul alır. Bizdə isə rəqibdən asılı olaraq nəticəyə uyğun mükafat verilir".

E.Məmmədov Malta yığmasına qarşı keçirilən oyuna azarkeş marağının az olmasına da toxunub. Azarkeş problemindən danışan baş katib bunu Novruz bayramı ilə əlaqələndirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi