Yuxarı

ABŞ və Kuba prezidentləri bir-birilərinin əllərini sıxıblar - FOTO

İki ölkə arasında 57 ildən sonra ilk yüksək səviyyəli görüş keçirilib

Bakı. 11 aprel. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama ilə Kuba prezidenti Raul Kastro Panamada keçirilən VII Amerika Sammiti başlamazdan əvvəl bir-birilərinin əllərini sıxıblar.  

"Report"un Türkiyənin "Hürriyət" qəzetinə istinadən verdiyi məlumata görə, aprelin 9-da telefonla danışdıqları açıqlanan hər iki liderin əl verib görüşməsi BMT baş katibi Pan Gi Munla region dövlətlərinin başçılarının maraqlı baxışları arasında baş tutub.

Bundan əlavə, hər iki dövlət başçısı toplantıda 33 liderlə birlikdə eyni masaya əyləşib. Digər tərəfdən, aprelin 10-da ABŞ dövlət katibi Con Kerri ilə Kubanın xarici işlər naziri Bruno Rodriguez 57 ildən sonra iki ölkə arasında ilk yüksək səviyyəli görüş keçirib.

Qeyd edək ki, B.Obama və R.Kastro ən son 2013-cü ildə CAR lideri Nelson Mandelanın dəfn mərasimində əl verib görüşmüşdülər. Onların bu gün görüşü də gözlənilir. Əgər bu görüş baş tutarsa, Kuba ilə ABŞ liderləri 50 ildən çox bir müddət sonra ilk dəfə rəsmi görüş keçirmiş olacaq. İki ölkə liderləri arasında son rəsmi görüş də elə 1958-ci ildə Panamada olmuşdu.

Xatırladaq ki, ötən ilin dekabr ayında ABŞ-la Kuba diplomatik münasibətləri normallaşdırmaq üçün danışıqlara başlamaq qərarı almışdı. Hər iki ölkənin münasibətləri Fidel Kastronun 1959-cu ildə inqilab yolu ilə hakimiyyətə gəlməsindən qısa müddət sonra pozulmuşdu. Sözügedən gərginlik ABŞ-ın Kubaya 1960-cı ildən bəri ticarət embarqosu tətbiq etməsinə və 1961-ci ildən Vaşinqtonla Havana arasında diplomatik əlaqələrin kəsilməsinə səbəb olmuşdu.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi