Yuxarı

ABŞ və Britaniya kəşfiyyatı Rusiya təyyarəsinə bomba qoyulması barədə məlumat ələ keçirib

Mesajların tonu və məğzi analitikləri bombanı təyyarənin göyərtəsinə sərnişin və ya yerüstü xidmət əməkdaşının keçirdiyinə inandırıb

Bakı. 6 noyabr. REPORT.AZ/ ABŞ və Britaniya kəşfiyyat orqanlarının birgə apardığı və peyk izlənməsi vasitələrindən istifadə olunan əməliyyat nəticəsində İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının Misirdə qəzaya uğramış Rusiya təyyarəsinin göyərtəsinə bomba keçirdiyi məlum olub. "Report" xəbər verir ki, Britaniyanın "Times" nəşri belə yazıb.

Qəzetin yazdığı xəbərə görə, əməliyyat nəticəsində İŞİD-in Suriya və "Airbus-321" təyyarəsinin qəzaya uğradığı Misirin Sinay yarımadasında olan terrorçular arasında elektron yazışmalar ələ keçirilib. "Mesajların tonu və məğzi analitikləri bombanı təyyarənin göyərtəsinə sərnişin və ya yerüstü xidmət əməkdaşının keçirdiyinə inandırıb", - nəşr yazır.

Bir müddət əvvəl digər Britaniya nəşri "The Telegraph" Britaniyanın Şarm əş-Şeyxə olan bütün reysləri təxirə salmasının İŞİD terrorçularının irimiqyaslı terror aktına hazırlaşması ilə bağlı məlumat əldə edilməsindən sonra reallaşdığını yazmışdı.

Xatırladaq ki, oktyabrın 31-də "Koqalımavia" aviaşirkətinə məxsus "Airbus-321" təyyarəsi Şarm əş-Şeyxdən Sankt-Peterburqa uçarkən Sinay yarımadasının üzərində qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 217 sərnişin və 7 ekipaj üzvü dünyasını dəyişib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi