Bakı. 17 oktyabr. REPORT.AZ/ ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salman əl-Saud ilə danışıb və vəliəhd amerikalı liderə jurnalist Camal Qaşıqçının Türkiyədə itkin düşməsini araşdıracağına vəd verib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə D.Tramp "Twitter" səhifəsində yazıb.
"İndicə Səudiyyə Ərəbistanı şahzadəsi ilə danışdım. O, Türkiyədəki baş konsulluqlarında baş verənlərdən qəti xəbərinin olmadığını bildirdi. O, zəng zamanı ABŞ-ın dövlət katibi Mayk Pompeonun yanında idi və mənə bildirdi ki, artıq araşdırma prosesinə strat veriblər, bu məsələ tez, hərtərəfli və tam şəkildə araşdırılacaq. Cavablar tezliklə alınacaq", - D.Tramp yazıb.
"Fox Business Network"a müsahibəsində isə D.Trampdan C.Qaşıqçının öldürüldüyü versiyası təsdiqlənəcəyi təqdirdə hansı tədbirlər görüləcəyi ilə bağlı soruşublar.
"Bu, kralın və ya vəliəhd şahzadənin bu barədə bilib-bilməməsindən, nəyin baş verməsindən asılıdır. Onlar məsələdən xəbərdar idilərsə, bu, pis olardı", - daha əvvəl Səudiyyə Ərəbistanını jurnalistin qətlə yetirildiyi təsdiq olunacağı təqdirdə ağır cəzalarla hədələyən ABŞ lideri bildirib.