Finlandiya və İsveçin Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) qəbul edilməsi müddətləri Helsinki və Stokholmdakı hakimiyyət orqanlarının fəaliyyətindən asılıdır.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Lloyd Ostin Brüsseldə NATO-ya üzv ölkələrin hərbi idarə rəhbərlərinin planlaşdırılan görüşünün yekunları üzrə keçirilən mətbuat konfransında bildirib.
Alyansın iyulun 11-12-də Vilnüsdə keçirilməsi planlaşdırılan sammitində Finlandiya və İsveçin NATO-ya üzv olub-olmayacağı ilə bağlı sualı cavablandırarkən Ostin “Mən əlbəttə ki, bunun baş verəcəyinə ümid edirəm. Bilirəm ki, bütün həmkarlarım da eyni fikirdədir” deyə cavab verib.
“Onlar elə indi qoşulmağa hazırdırlar. Bunlar böyük potensiala malik olan və alyansa böyük dəyər verən iki ölkədir. Keçmişdə onlarla birlikdə təlim keçmişik. Onlar Silahlı Qüvvələrinin modernləşdirilməsinə böyük sərmayə qoyublar”, - Ostin söyləyib.
“Onların NATO-ya nə vaxt və necə qoşulması həqiqətən də bu iki ölkənin rəhbərliyindən asılı olacaq. Bilirəm ki, onların rəhbərliyi fəaldır. Görək nə baş verəcək. Mən təxmin etmək istəmirəm. Yalnız onu deyə bilərəm ki, mənim kimi bütün həmkarlarım da onların alyansa ən qısa zamanda qoşulmasını istərdi”, - ABŞ Müdafiə Nazirliyinin rəhbəri əlavə edib.